Niyə XXI Əsr?

Beynəlxalq səviyyədə təhsil

2001-ci ildən özəl təhsil müəssisəsi kimi Azərbaycan və rus bölmələri üzrə fəaliyyətə başlamışıq. 2007-ci ildən rəsmi lisenziya ilə Kembric proqramı əsasında Beynəlxalq Məktəbimiz fəaliyyət göstərir. 2011-ci ildən isə Beynəlxalq Bakalavriat Diplom Proqramını rəsmi qaydada tətbiq edirik. Bu təcrübə bizə həm beynəlxalq, həm də milli proqramların müsbət xüsusiyyətlərindən istifadə etməklə öz yanaşmamızı inkişaf etdirməyə imkan vermişdir.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi qeydə alınmış Kembric Beynəlxalq Məktəbidir.

Biz dünyanın aparıcı universiteti, Kembric Universitetinə məxsus yeganə imtahan mərkəzi olan, Beynəlxalq Təhsilin Kembric Qiymətləndirmə (Cambridge Assessment International Education) sistemində qeydiyyatdan keçmiş rəsmi beynəlxalq məktəbik.
Kembric beynəlxalq kvalifikasiyalar sistemi şagirdlərə davamlı öyrənmə həyəcanı və yeni bilikləri şüurlu şəkildə əldə etmə bacarıqları aşılayır.

 

Kembric Beynəlxalq məktəbi olaraq biz 5-16 yaşlı şagirdlər üçün Kembric (İbtidai, Aşağı orta və Yuxarı orta (IGCSE) Proqramları təklif edirik.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi qeydə alınmış IB Dünya Məktəbidir.
Biz, mərkəzi İsveçrədə yerləşən, 1968-ci ildə yaradılmış Beynəlxalq Bakalavriat- The International Baccalaureate® (IB) təşkilatında qeydiyyatdan keçmiş səlahiyyətli IB Dünya Məktəbiyik.
IB Proqramı dünyada ortaq bir təhsil sistemi yaratmaq məqsədilə qurulmuşdur. Bu proqram mədəniyyətlərarası hörmət və anlayış əsasında daha yaxşı və sülhsevər bir dünya qurmağa kömək edən, bilikli, sorğulayan və qayğıkeş gənclər yetişdirməyi hədəfləyir.
IB Məktəbi olaraq biz 16-17-yaşlı uşaqlar üçün nəzərdə tutulan Diplom Proqramını (IB DP) təklif edirik.

Fərdi yanaşma

Fərdi yanaşırıq

Biz hər bir uşağın fərqli və özəl olduğunu bilirik. Ona görə də, şagirdlərimizin özəl xüsusiyyətlərini nəzərə alaraq, onların təhsilinə və inkişafına fərdi yanaşırıq. Biz tətbiq etdiyimiz bütün yerli və beynəlxalq kurikulumları hər bir uşağın öyrənmə ehtiyacına uyğun olaraq tətbiq edirik. Bundan əlavə, 10-11-ci siniflərdə tədrisi şagirdlərin ixtisas seçiminə uyğun təmayüllər üzrə təşkil edirik.

Fərqli öyrənmə yolları təklif edirik

Biz bilirik ki, hər bir şagird özünəməxsus bacarıqları və öyrənmə potensialı baxımından özəldir . Biz hər bir şagirdin bacarıqlı olduğuna inanırıq. Ona görədə şagirdlərin bacarıqlarını təhsilin ilk pillələrindən kəşf etməyə başlayırıq. Bizim təhsil fəlsəfəmiz şagirdlərə ibtidai təhsil pilləsindən öz bacarıq və qabiliyyətlərini ortaya çıxara biləcəkləri fürsətləri təklif edir.

Bunu necə edirik?

Biz ilk növbədə uşaqlarda öyrənmə üsullarını aşkarlamağa çalışırıq. Belə ki, şagirdlərin müxtəlif öyrənmə üslubları olur. Məsələn bəzi şagirdlər vizual öyrənməyə, bəziləri eşidərək öyrənməyə, bəziləri kinestetik öyrənməyə və bəziləri isə oxuyaraq/yazaraq öyrənməyə daha çox meyilli olur. Biz şagirdləri məktəbə qəbul edərkən onların öyrənmə üsullarını müəyyənləşdirir və sonra dərslərimizi həmin öyrənmə üsullarına uyğun təşkil edirik.

Məsələn, vizual düşünmə və öyrənmə bacarığı güclü olan şagirdlər, yaxşı rəsm çəkərək və rənglərdən düzgün istifadə edərək öz fikrini düzgün çatdıra bilərlər. Rəsm, boyama, diaqram hazırlama, xəritə qurma o uşağı özünü ifadə etmə və öyrənmə yolları olaraq nəzərə alına bilər. Bu halda biz həmin şagirdlərə mövzunu daha çox şəkillərdən, qrafiklərdən istifadə etməklə çatdırırıq. Onlardan da öyrəndiyi mövzunu vizual təsvir etməsini istəyirik. Təcrübələrimiz göstərir ki, bu şəkildə təşkil olunan öyrənmə prosesi daha səmərəli olur.

Ehtiyaclara uyğun əlavə dəstək

Peşəkar müəllim heyyətimiz şagirdlərin ibtidai sinfə başladığı gündən onların keçilən dərsləri mənimsəmə səviyyələrini və məktəbəhazırlıq bölməsində ortaya çıxarılan bacarıqlarını müşahidə edir və onların əlavə öyrənmə ehtiyaclarını müəyyənləşdiririk. Müşahidələrin nəticələrini valideynlərlə müzakirə edərək Əlavə Dəstək proqramı hazırlayırıq . Bu proqramlar şagirdlərə dərs müddətində və ya dərsdən sonra keçirilir. Bu proqrama “Səlist oxu” , “rəqəmlərlə işləmə” “hekayə oxuma”, “xarici dil” dəstəyi və s. daxildir.

Gələcək üçün öyrənmə

Uşaqlara bacarıq öyrədir və onları qlobal rəqabətə hazırlayırıq

Biz yeni əsrdə nəyisə bilməyin artıq üstünlük yaratmadığını da bilirik. Davamlı və sürətli dəyişikliklərin baş verdiyi bu əsrdə, üstünlük yaradacaq amillərin nəzəri biliklərdən çox bacarıqlar olduğu artıq mötəbər qurumlar tərəfindən də təsdiqlənir. Biz bunu nəzərə alaraq şagirlərin bacarıqlarını, xüsusilə “21-ci əsr bacarıqları” adlandırılan bacarıqlarını (link) inkişaf etdirir və onların gələcək rəqabətə hazırlayırıq.

21-ci əsr bacarıqları nədir?

Dünya İqtisadi Forumu tərəfindən bu bacarıqlar 3 kateqoriyada təsvir edilmişdir: təməl savadlar, kompetensiyalar və şəxsi keyfiyyətlər.

Təməl savadlar, şagirdlərin əsas bacarıqlarını gündəlik fəaliyyətlərində necə tətbiq edəcəklərini əks etdirir. Bu bacarıqlar şagirdlərdə baza rolunu oynayaraq daha təkmil və əhəmiyyətli kompetensiya və şəxsi keyfiyyətləri formalaşdırmağa imkan verir. Bu bacarıqlara təkcə oxumaq və hesablama aparmaq yox, elmi savadlılıq, İKT savadlılığı, maliyyə savadlılığı, mədəniyyət və vətəndaşlıqla bağlı savadlılıq daxildir. Ənənəvi təhsil əsasən bu bacarıqların əldə edilməsinə fokuslanır, lakin hal-hazırda bu bacarıqlar 21-ci əsr bacarıqlarını inkişaf etdirmək üçün baza hesab edilir.

Kompetensiyalar, şagirdlərin qarşılaşdıqları mürəkkəb çətinliklərə necə yanaşacağını açıqlayır. Məsələn, tənqidi düşünmə, qarşılaşılan problemləri həll etmək üçün vəziyyəti, ideyaları və məlumatları aydınlaşdırma, təhlil etmə və qiymətləndirmə bacarığıdır. Kreativlik, problemlərə yanaşmada, sualları cavablandırmada və ya biliyin fərqli yöndə istifadə olunmasında innovativ yollar xəyal etmə və tapma bacarığıdır. Kommunikasiya və əməkdaşlıq, məlumatın ötürülməsi və problemlərin həllində digər şəxslərlə əməkdaşlıq halında işləməyi ehtiva edir. Bu kompetensiyalar 21-ci əsr işçi qüvvəsi üçün çox vacib hesab olunur. Belə ki, gələcək işçi qüvvəsi üçün tənqidi təhlil, biliyin ötürülməsi və komandada işləmək bir standart halına gələcəkdir.

Şəxsi keyfiyyətlər, şagirdlərin dəyişən mühitə qarşı necə yanaşdıqlarını ifadə edir. Sürətlə dəyişən bazar şəraitində əzmkarlıq, uyğunlaşma kimi şəxsi keyfiyyətlər, maneələr qarşısında çeviklik və müvəffəqiyyəti təmin edir.

Maraq və təşəbbüs yeni konseptsiya və ideyaların kəşf edilməsi üçün başlanğıc nöqtəsi kimi çıxış edir. Liderlik və sosial-mədəni məlumatlılıq digər şəxslərlə konstruktiv formada sosial, etik və mədəni ünsiyyət yolları qurmağı əhatə edir.



Mənbə: http://www3.weforum.org/docs/WEFUSA_NewVisionforEducation_Report2015.pdf, p3.


Bu bacarıqlar 21-ci əsrdə insanların ömür boyu uğur qazanmaları üçün əsas hesab edilir. Bizim də məqəsdimiz bu bacarıqları məktəb illərindən uşaqlara aşılamaq və onlara uğurlu fərdlər olmalarına kömək olacaq bilik və bacarıqlar qazandırmaqdır.

İnkişafa açıq


XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin fəlsəfəsi İnkişaf yönümlü düşüncə tərzidir. Biz məktəb olaraq inanırırq ki, bütün uşaqlar bacarıqlıdır və onların bilik və bacarıqları effektiv yanaşmalar ilə inkişaf etdirilə, istedadları kəşf oluna bilər. Şagirdlərimizin öz məqsədlərinə çatmaları üçün biz İnkişaf yönümlü düşüncə tərzini tətbiq edirik. Müəllimlərimiz yüksək motivasiyalıdır və İnkişaf yönümlü düşüncə konsepsiyası ilə şagirdlərə nailiyyət əldə etmələri üçün istiqamət verirlər. Nəticə olaraq, məktəbimizin nailiyyəti kəşf edilən istedad və bacarıqlara söykənir. Biz təhsilimiz üçün yüksək standartlar qoyuruq və şagirdlərimizi onlara çatmaq üçün vasitələrlə təmin edirik.


İnkişaf yönümlü düşüncə tərzi nədir?

Hərtərəfli inkişaf

Biz şagirdlərin təkcə dərslərində inkişafını yox onların hərtərəfli inkişafını dəstəkləyirik. Belə ki, şagirdlərimiz öz maraqlarına uyğun olaraq Mərkəzdə fəaliyyət göstərən dərnəklərdə və tədbirlərdə iştirak edərək öz bacarıqlarını inkişaf etdirirlər.

BİZƏ QOŞULUN