Şagirdimiz “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı müsabiqənin qalibi olmuşdur

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsi təşkil olunmuşdur.

Onlayn platformada təşkil olunan müsabiqə 3 yaş qrupu (9-11 yaş, 12-14 yaş, 15-17 yaş) və 4 nominasiya (esse, şeir, mahnı, nitq) üzrə keçirilmişdir. Mərkəzimizin 10R sinif şagirdi Zeynallı Bülbül esse nominasiyası üzrə 14-17 yaş qrupu üzrə “Şəhidimizin qanı, xarıbülbülümüzün canı!” adlı esse ilə I yerə layiq görülüb. Şagirdimizi təbrik edir, ona yeni uğurlar arzulayırıq!

Həmin esseni sizlərə təqdim edirik.

 

Şəhidimizin qanı, xarıbülbülümüzün canı!

Ey xanlar diyarı Şuşa,

Üzündə qəmi görüb əsgərin gəldi cuşa.         

Gördü qəlbin yaralıdır,

Dedi, düşmən canım alsa da,

Şuşa canımdan bahalıdır.  (B.Zeynallı)

 

Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, havasına hopmuşdur. Gözəlliyinə qurban olduğum, muğamın beşiyi olan füsunkar Şuşa belə şəhərlərdəndir. Nahaq yerə deməyiblər: “Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar”.

Sıldırım qayalarla əhatə olunmuş əlçatmaz dağ yaylasında salınan şəhərdə C.Keppel demişkən “evlər sanki yamaclardan quş qəfəsləri kimi asılıb”. Məhəmməd Həsən xan QacarFətəli xan ƏfşarAğa Məhəmməd şah Qacarla baş-başa  gələn cənnət diyarımız, Azərbaycan torpaqlarının azadlığının simvoluna çevrilən xarıbülbülün vətəni Şuşam, nəhayət, qovuşduq. 28 illik həsrət Ali Baş Komandanımızın güclü siyasətinin, rəşadətli ordumuzun 44 günlük savaşı və iradəsi dəmir kimi möhkəm olan xalqımızın sayəsində sona çatdı. Azərbaycan sanki yenidən doğuldu.

Ah Şuşam, bilsən, bir bilsən necə gözlədik həsrət dolu görüşümüzü! Bu hicranın sona çatmasında canları, qanları bahasına Ana Vətən üçün  ölümsüzlük zirvəsinə ucalan şəhidlərimizə, qolunu, ayağını, gözlərini - sağlamlığını itirən qazilərimizə, cəsarətlə döyüşən minlərlə igid Vətən oğluna bir ömür boyu borclu olduğumuzu, qarşılarında uşaqdan böyüyə baş əyməli olduğumuzu əsla unutmarıq. Hər biri ölümü gözə alıb mübarizəyə qoşuldu. Bilirsənmi, kimin üçün, nə üçün? Sənin üçün, Şuşa, sən azad ol deyə! Çünki bütün Azərbaycanın könlündən  daim sən keçdin, daim sən. Çünki Vətən sevgisi iliklərimizə işləyib, qanımıza hopub.

Övladlarını dualarla cəbhəyə göndərən anaların övladı oldun, sənin torpağına ayaq basdıqları anda analar rahatlıq tapacaq, övladlar analarının sənin torpağına ayaq basdığını görüb rahat yatacaqlar, ruhları daha da şad olacaq...Şad olacaq Üzeyirin, Əhmədin ruhu gözəl himnimiz duyulanda sənin torpağında, şad oldu Şuşinskinin ruhu əsgərimiz pianoda “Qarabağ Şikəstəsini” ifa edəndə. 28 ildən sonra azanın sənin də torpağında səslənməsi hər birimizin qəlbini titrətdi.

Zirvədə dalğalanan üçrəngli bayrağa heyranlıqla baxıb şəhid olan həyat yoldaşlarını fəxrlə xatırlayan anaları daldığı xəyaldan “Anacan, bax sənə xarıbülbül gətirmişəm, gəl sənə də yerini göstərim” deyən övladlarının sözləri ayıracaq. Analar da övladlarına xarıbülbülün, doğma şəhərin azadlıq tarixindən danışacaq, Poladların, Mübarizlərin, Həmidlərin, Cəbrayılların, Xəyalların şücaətindən söhbət açacaqlar. Axı, Şuşa, sən qəhrəmanlıq və məhəbbət dastanına çevrilmisən. Hər bir igidinin qəhrəmanlığı isə dastanın qürurverici bir hekayəsi olub.  Sənin hər parçana, hər daşına yeni tarix yazılıb, onları yaxşı duy, çünki sən artıq azadsan!

Vüqarlıyıq, qürurluyuq, sevincliyik! Sənin Səkili, İsa, Şəmilin bulaqlarının buz kimi suyundan içəcəyik. Xurşidbanu Natəvanın evini, Dövlət Qarabağ Tarixi muzeyini,  Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini və neçə-neçə  tarixi memarlıq abidəmizi bərpa edəcəyik.Şuşa yenidən ipəyi, parlaq naxışlı xalıları və cins atları ilə dünyaya səs salacaq. Hər il may ayında “Cıdır düzü”ndə “Xarıbülbül” mahnı festivalları keçiriləcək. “O gün gələcək” demirik, çünki o gün gəldi! Şuşa, Rəbbin möcüzəsi kimi bizə döndün! Biz sənə qayıtdıq! Amma daha güclü, özündən daha əmin şəkildə.

 

BİZƏ QOŞULUN