Orta məktəb

3 dildə zənginləşdirilmiş kurikulum

Mərkəzdə təhsil 3 bölmə üzrə - Azərbaycan, rus və ingilis dillərində aparılır.

Hər üç bölmə üzrə məqsədyönlü şəkildə “21-ci əsr bacarıqları”nın ortaya çıxarılmasını stimullaşdıran əlavə təlim nəticələri, təlim strategiyaları və resurslarla zənginləşdirilmiş özünəməxsus kurikulum tətbiq edilir.

Azərbaycan və rus dilində təhsil Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilən milli kurikulumun, ingilis dilində təhsil isə Kembric Beynəlxalq Məktəbi statusu ilə Kembric kurikulumunun bazasında müvafiq qaydada zənginləşdirilərək tətbiq edilir.




Kiçik sinif konsepti və təmayüllər üzrə təhsil imkanı

Orta və tam orta siniflərdə ortalama şagird sayı 14-16 nəfərdir. Bu sayı maksimum 18 şagirdlə məhdudlaşdırırıq. Şagird sayı dərsin keyfiyyətini artırmaqla yanaşı, uşaqlara fərdi yanaşma baxımından da əlverişli imkanlar yaradır.

Şagirdlərin seçmək istədikləri ixtisaslar üzrə daha səmərəli təhsil almaları üçün 10-11-ci siniflərdə tədris təmayüllər üzrə qurulur. Bu zaman şagirdlər xüsusi seçim etdikləri fənlər üzrə daha kiçik qruplarda (4-5 nəfər) intensiv tədrisə cəlb edilir.

Xarici dilin tədrisində müasir yanaşma

Xarici dilin öyrənilməsinə xüsusi əhəmiyyət verilir. Azərbaycan və rus dilində tədris aparılan bölmələrdə şagirdlərə həftədə 5 saat ingilis dili dərsi keçilir. İngilis dilində tədris aparılan bölmədə isə Azərbaycan və rus dilinin tədrisi xüsusi yanaşma ilə daha mütərəqqi üsullarla aparılır. Bundan başqa bölmədən asılı olaraq, şagirdlərin alman, ispan və ya fransız dilini əlavə dil kimi öyrənmək imkanları da mövcuddur.

İngilis dilinin öyrənilməsinin səmərəliliyini ölçmək məqsədilə Kembric Qiymətləndirmə imtahanları vasitəsilə şagirdlərin biliklərinin qiymətləndirilməsi təşviq edilir.

Rəqəmsal bacarıqlar və kodlaşdırma

Şagirdlərimizi gələcək qlobal rəqabət mühitinin tələb etdiyi bilik və bacarıqlara uyğun hazırlaşdırmaq missiyamıza əsasən ibtidai siniflərdə rəqəmsal bacarıqlar və kodlaşdırma biliklərinin tədrisinə başlayırıq.

Fərdi nailiyyətlərin izlənməsi və ehtiyaclara uyğun əlavə dəstək xidməti

Dərs ilinin əvvəlində bütün əsas fənlər üzrə keçirilən diaqnostik qiymətləndirmə əsasında şagirdlərin "Fərdi Nailiyyət Hədəfləri"™ müəyyənləşdirilərək fərdi qaydada valideynlərlə/şagirdlərlə müzakirə edilir.

İl ərzində şagirdlərin inkişafı "Fərdi Nailiyyət Hədəfləri"™ üzrə izlənilir. Lazım olduqda əlavə öyrənmə ehtiyacları ilə bağlı valideynlərlə fərdi müzakirələr aparılır və Əlavə Dəstək Proqramı hazırlanır. Şagirdlər üçün Əlavə Dəstək Proqramı dərs müddətində və ya dərsdən sonra fərdi və ya qrup halında icra edilir.

İnkişaf edən zehniyyət əsaslı təhsil və qiymətləndirmə

ABŞ-ın Stanford Universitetinin professoru Karol Dvek tərəfindən aparılan tədqiqatlar sübut edir ki, uşaqların istedadı heç də həmişə genetik olmur. Onların sahib olduğu zəka və bacarıqlar dəstəkləyici mühitdə davamlı çalışqanlıq və səylərlə inkişaf etdirilə və hətta anadangəlmə istedada malik uşaqları ötə bilər.

Buna görə də özünəinamı, çalışqanlığı təşviq edən öyrənmə mühitimizdə şagirdlərimizin nəticələrini deyil, öyrənmə prosesində göstərdikləri səyləri və növbəti inkişaf addımlarını önə çıxaran qiymətləndirmə (rəy) sistemimizlə təlim nəticələrinin mənimsənmə səviyyəsinin maksimum həddə çatmasına dəstək oluruq.



Hərtərəfli İnkişaf Fəaliyyətləri™

Mərkəzin təhsil modelinə şagirdlərin istedadlarını kəşf etməyə, maraq dairələrini genişləndirməyə və müxtəlif istiqamətdə bacarıqlarını inkişaf etdirməyə şərait yaradan Hərtərəfli inkişaf proqramı da daxildir.

Mərkəzdə təhsil alan bütün şagirdlər yaş qruplarından asılı olaraq, müxtəlif istiqamətlər üzrə təklif olunan Hərtərəfli inkişaf fəaliyyətlərinə qoşula bilər.

Hərtərəfli inkişaf fəaliyyətləri təkcə müstəqil dərsdənkənar fəaliyyətlər ilə deyil, baza kurikulumların zənginləşdirilməsi nəticəsində tədris proqramına daxil edilən əlavə proqramlar (məsələn, rəqəmsal bacarıqlar, həyati bacarıqlar, biznes bilikləri və s.) vasitəsilə də həyata keçirilir.

Ətraflı: Niyə biz?--> Hərtərəfli İnkişaf Fəaliyyətləri

Tam orta məktəb üzrə əlavə xidmətlər

İxtisas seçimi və karyera planlaşdırması üzrə məsləhət xidməti

Məktəb, valideyn və şagird əməkdaşlığını təmin edərək artıq 8-ci sinifdən etibarən şagirdlər üçün fərdi ixtisas və universitet alternativləri müəyyənləşdirilir və fərdi yol xəritəsi hazırlanır. Belə ki, valideyn, şagird və pedaqoqlarla birlikdə müəyyənləşdirilən ixtisas və universitetlər üzrə minimal tələlər müəyyənləşdirilərək şagirdin səmərəli hazırlıq proqramı tərtib olunur və təqib edilir.

Şagirdlərin ixtisas və universitet seçiminə dəstək olmaq məqsədilə təcrübəli şəxslər və universitet nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil olunur.

Şagird universitetlərə müraciət, yerləşdirilmə və s. ilə bağlı peşəkar dəstək xidmətindən istifadə edə bilir.

Əlavə ixtisaslaşma və kvalifikasiya əldə etmə imkanları

Şagirdlərimiz məktəbdə müvafiq ixtisaslaşma və kvalifikasiyalar üzrə sertifikatlar əldə etmə imkanına sahib olmaqla həm gələcək həyat üçün zəruri bacarıqlara yiyələnir, həm də ali təhsil istiqamətində əhəmiyyətli üstünlüklər qazanırlar.

Şagirdlər bu proqramlar üzrə aşağıdakı bacarıqlarını inkişaf etdirə və müvafiq kvalifikasiyalar üzrə xüsusi hazırlıq imkanı əldə edə bilərlər:

  1. Liderlik, təşəbbüskarlıq, təməl biznes bilikləri və s. ilə bağlı xüsusi kurslarda iştirak
  2. CEFR (Kembric imtahanları), SAT, IELTS, IGSCE, A/AS Level Sertifikatları
  3. London College of Music (LCM) Sertifikat proqramı