Strateji məqsədlər

GƏLƏCƏYƏ BAXIŞIMIZ (VİZYON)

Şagirdlərimizin, xoşbəxt və uğurlu şəxsiyyət kimi yetişmələri üçün lazım olan fürsətləri təmin edən, ömür boyu vacib hesab olunan əsas bacarıqları onlara qazandıran, məzunu olmaqdan həyatları boyu qürur duyacaqları bir məktəb olmaq.

MİSSİYAMIZ

Bizim əsas missiyamız xoşbəxt şəxsiyyətlər yetişdirməkdir.

Biz insan xoşbəxtliyinin ən ali məqsəd olduğunu qəbul edir və həyatın hər bir mərhələsində bunu əldə etmiş fərdlərin daha uğurlu, daha yaradıcı, daha təşəbbüskar olacağına və ümumilikdə, insanlığa daha faydalı töhfələr verəcəyinə inanırıq.

Biz uşaqların öyrəndiklərindən zövq almalarını, potensiallarından tam və səmərəli istifadə etmələrini, ömür boyu öyrənən liderlər kimi formalaşmalarını qarşımıza məqsəd qoymuşuq.

Buna görə də uşaqların səmərəli öyrənməsi üçün onların hər birinin fərdi xüsusiyyətlərini nəzərə alan, onlara dəyər verən, müsbət, təhlükəsiz, iştirakçı, interaktiv, təşviq edici və eyni zamanda olduqca tələbkar mühit yaradırıq.

DƏYƏRLƏRİMİZ

Mərkəz olaraq aşağıdakı dəyərləri mənimsəyir, şagirdlərimizə aşılayır və fəaliyyətimiz zamanı onlara istinad edirik.

Məsuliyyət və dürüstlük

Məsuliyyət və dürüstlüyün akademik mühit üçün vacib olduğunu qəbul edir, bunları fəaliyyətimizin hər bir mərhələsində işimizdə, peşəmizdə, tərəfdaş və əməkdaşlarımızla qurduğumuz münasibətlərdə rəhbər tutur və şagirdlərimizə təlqin edirik.

Əməkdaşlıq

Birgə əməkdaşlığın nə dərəcədə faydalı olduğunu bilirik. Məlumdur ki, səmərəli əməkdaşlıq fonunda yaradacağımız dəyər hər birimizin təkbaşına formalaşdırdığı dəyərdən daha üstündür. Elə buna görə də qarşıya qoyduğumuz məqsədlərə çatmaq və cəmiyyətimiz üçün əlavə dəyər yaratmaq üçün bir-birimizi yaxından dəstəkləyir, komanda şəklində işləyir və tərəfdaşlarımızla sıx əməkdaşlıqlar qururuq.
Eyni zamanda, gələcək problemlərin həllinin səmərəli əməkdaşlıqlar və komanda işi tələb etdiyini qəbul edir və gələcəyin potensial liderləri olaraq hazırlanan şagirdlərimizin bu bacarıqlara məktəb yaşlarından yiyələnmələrinə çalışırıq.

Hörmət və qayğıkeşlik

Fəaliyyətimizin bütün mərhələlərində bir-birimizə, tərəfdaşlarımıza, ətrafımıza, bütün növ fərqliliklərə və ətraf mühitə hörmət göstərir, onlara dəyər verir və qayğı ilə yanaşırıq. Həmçinin məktəb həyatı boyunca şagirdlərimizin hörmət və qayğıkeşlik hisslərini möhkəmləndirməyə çalışırıq.

Yeniliyə açıqlıq və böyüyən zehniyyət

Daim dəyişən dünyada inkişaf zehniyətinə sahib olma, maraq, uyğunlaşma, açıq fikir və yenilik istəyi uğurlu olmaq üçün vacib məqamlardandır. Məqsədyönlü çalışma və səylərlə inkişafa nail olmağın mümkün olduğunu qəbul edir, yeni bilik və bacarıqlara yiyələnmək, inkişafa can atmaq və davamlı öyrənmək istəyi və qətiyyət nümayiş etdiririk.
Şagirdlərimizin potensiallarından tam istifadə etmək üçün məktəb, valideyn və şagird üçbucağında inkişaf zehniyyəti fəlsəfəsinin bərqərar olmasına çalışır, öyrənmə prosesindəki bütün iştirakçıları şagirdin səylərini qiymətləndirməyə təşviq edirik.

Mükəmməllik

Əməkdaşlarımızın qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün əllərindən gələni etməsi, nailiyyətlərlə qürur duyması, dəyişməyə və başqalarından öyrənməyə açıq olmasını təmin edərək mükəmməlliyi təşviq edirik. Bu dəyər bizi effektiv və səmərəli sistemlərin təmin olunmasına yönəldir. Akademik, sosial və davranış baxımından da bir-birimizdən ən mükəmməl nəticəni gözləyirik.
Şagirdlərimizin də öz potensiallarını nümayiş etdirərək mükəmməl nəticələr əldə etməsi üçün öyrənmə prosesinin səmərəliyini artıran lazımi dəstəkləyici mühit yaratmağa çalışırıq.

Milli və mənəvi dəyərlərə bağlılıq

Bütün bu sadalananlarla yanaşı hər bir şagirdimizin vətənə, milli və mənəvi dəyərlərə bağlılığı, onlara dəyər verməsi və həyatlarının istənilən mərhələsində, harada, hansı vəzifədə olmasından asılı olmayaraq, bu duyğunun verdiyi əvəzsiz qürur hissini yaşaması da əsas prioritetlərimizdəndir.

Şagird profilimiz

Mərkəz olaraq şagird və məzunlarımızın şagird profilində göstərilən keyfiyyət və xüsusiyyətlərə sahib olmasını qarşımıza məqsəd olaraq qoymuş və bütün fəaliyyətlərimizi bu profilə uyğun şagird yetişdirməyə kökləmişik.

Ətraflı

Strateji inkişaf istiqamətlər

Mərkəz olaraq 2020-2025-ci illəri əhatə edən Strateji İnkişaf planında 5 əsas və 12 alt inkişaf istiqaməti müəyyənləşdirilmişdir:

1. KEYFİYYƏTLİ VƏ GƏLƏCƏYƏ HAZIRLAYAN TƏHSİL    

  1.1. Şagird nailiyyətlərinin davamlı artırılması
  1.2. Təhsilin idarəolunmasının davamlı təkmilləşdirilməsi
  1.3. Gələcəyə hazırlayan holistik yanaşmanın təmin edilməsi

2. KORPORATİV İMKANLAR     

  2.1. İnfrastrukturun davamlı inkişaf etdirilməsi
  2.2. Sistemlərlə idarəetmənin qurulması
  2.3. İnsan resurslarının daha da inkişaf etdirilməsi

3. DAYANIQLILIQ          

  3.1. Dayanıqlı inkişaf və mənfəətliliyin təmin olunması
  3.2. Səmərəli idarəetmə və korporativ idarəetmə prinsiplərinə riayət

4. GÜCLÜ MARKA         

  4.1. Səmərəli marka idarəetmə sisteminin inkişaf etdirilməsi
  4.2. Valideynlərlə əlaqələrin idarəolunması sisteminin (crm) təkmilləşdirilməsi

5. GÜCLÜ İCMA             

 5.1. Əsas tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsi
5.2. Digər əməkdaşlıqların genişləndirilməsi və korporativ sosial məsuliyyət layihələrinin icrası