Nəsiminin 650 illik yubileyi “Varlığın sirri” ilə qeyd olundu

Dekabrın 2-də XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində Azərbaycan dili və Ədəbiyyat kafedrasının təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Varlığın sirri” adlı tədbir keçirilib.

Mərkəzin rəhbərliyi, müəllim və şagird kollektivi, filologiya üzrə bir sıra elmlər və fəlsəfə doktorları ilə yanaşı əməkdar muğam ustalarının iştirak etdiyi tədbirdə şairin həyat və yaradıcılığından, onun idrak fəlsəfəsindən ətraflı söhbət açılıb.

Səhnəyə çıxan Mərkəzin şagirdlərindən ibarət xor kollektivi şairin “Sığmazam” qəzəlini səsləndirib, həmçinin bir qrup şagird “Nəsimi ideaları müasir dövrdə” adlı səhnəcik nümayiş etdirib.

Daha sonra tədbirdə iştirakçılara Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Nəsimi festivalından hazırlanmış videoçarx göstərilib. Sonda Beynəlxalq Muğam Mərkəzinin solistləri Bəyimxanım Vəliyeva və Rəvanə Qurbanıvanın ifaları dinlənilib.

Qeyd edək ki, Mərkəzimizdə dram və musiqi fəaliyyətləri xüsusi yer tutur. Şagirdlərimiz il ərzində müxtəlif tədbirlərin təşkil olunmasında fəal iştirak edərək öz bacarıqlarını inkişaf etdirirlər. Şagirdlərimizin iştirakı ilə hazırlanmış tədbirlərlə bu keçiddə ətraflı tanış ola bilərsiniz: https://www.21century.edu.az/az/ourschool/events

BİZƏ QOŞULUN