XƏBƏRLƏR

Qrant müsabiqəsinin qalibi olmuş əməkdaşımız layihənin icrasına başlayıb

20/11/2019

Qrant müsabiqəsinin qalibi olmuş əməkdaşımız layihənin icrasına başlayıb

Təhsil Nazirliyi tərəfindən bu il keçirilmiş III qrant müsabiqəsinin qalibi olmuş XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin ingilis dili müəllimi Xatirə Səlimova lazımi hazırlıqları tamamlayaraq “İngilis dilli kölgə teatrı” adlı layihəsinə start verib.

Layihənin keçirilməsində məqsəd Mərkəzimiz nəzdində Azərbaycan və rus bölmələrinin şagirdlərindən ibarət “İngilis dilli kölgə teatrı” yaratmaq, səhnələşdiriləcək əsərləri seçib onların ssenarisini yazmaq, bu əsərlərin qəhrəmanlarını əks etdirən kuklaları işləyib hazırlamaq və müxtəlif sinif şagirdlərinin iştirakı ilə tamaşalar qurmaqdır.

Layihə çərçivəsində ilk tamaşa noyabrın 6-da Mərkəzimiz tərkibində fəaliyyət göstərən “Kipina” məktəbəqədər hazırlıq müəssisəsində 5 yaşlı uşaqlara nümayiş etdirilib. Bunun ardınca, noyabrın 8-də, həmin tamaşa Mərkəzimizin rus bölməsinin 1-ci və 3-cü sinif şagirdlərinə göstərilib. Hər iki nümayişdə tamaşa azyaşlıların böyük marağına səbəb olub.

Əməkdaşımız Xatirə Səlimova bu layihənin şagirdlərdə dövrün zəruri tələblərinə cavab verən bir sıra bacarıqların inkişafına təkan verəcəyini bildirib: “Kölgə teatrı incəsənətin çox qədim və əsrarəngiz sahələrindən biridir. Çalışırıq ki, Mərkəzimizin bütün uşaqları bu teatrla, onun imkanları ilə yaxından tanış olsunlar. İngilis dilində keçirilən kölgə teatrı uşaqlara bu dildə səlis danışma, duyğu, hiss və düşüncələri rahat ifadə etmə bacarığı qazandıracaq, həmçinin onların xəyal dünyasını genişləndirəcək”.

Bundan başqa X.Səlimova bildirib ki, onun arzusu Mərkəzimizin nəzdində müntəzəm fəaliyyət göstərəcək kölgə teatrı yaratmaq və bu teatr çərçivəsində şagirdlərin bütün proseslərdə, o cümlədən əsərlərin seçilib ssenarilərin yazılmasında, tamaşada rol alacaq kuklaların tərtib edilməsində və böyük tamaşaların səhnəyə qoyulmasında birbaşa iştirakını təmin etməkdir.

Qeyd edək ki, Mərkəzimiz bütövlükdə təhsil prosesində uşaqlara 21-ci əsr bacarıqlarını öyrədir və onları qlobal rəqabətə hazırlayır. Bu məqsədlə Mərkəzimizdə təşkil olunan “İngilis dilli kölgə teatrı” birlikdə işləmə, ünsiyyət, yaradıcılıq və tənqidi düşünmə kimi zəruri 21-ci əsr bacarıqlarının öyrənilməsində böyük əhəmiyyətə malikdir. Mərkəzimizdə uşaqların qazandığı digər bacarıqlar haqqında ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz: https://www.21century.edu.az/az/about/