XƏBƏRLƏR

Şagirdlərin İdarəçiliyində İclaslar

25/11/2025

Şagirdlərin İdarəçiliyində İclaslar

24–25 noyabr tarixlərində məktəbimizdə daha bir uğurlu və dəyərli təhsil təşəbbüsü həyata keçirildi — Şagirdlərin İdarəçiliyində İclaslar (Student-Led Conferences – SLC).

Bu layihə şagirdlərin akademik məsuliyyətini artırmaq, valideynlərin övladlarının təhsil prosesinə daha yaxından cəlb olunmasını təmin etmək və məktəb-şagird-valideyn üçbucağında güclü ünsiyyət qurmaq məqsədi daşıyırdı.

SLC iclasları zamanı şagirdlər öz valideynlərini böyük qürur və inamla qarşılayaraq onlara fərdi təhsil portfolioları əsasında təqdimatlar etdilər. Hər bir təqdimat şagirdin yalnız nəticələrini deyil, eyni zamanda bu nəticələrin arxasında duran əzmkarlığı, səy və davamlı inkişaf yolunu əks etdirirdi. Onlar əldə etdikləri nailiyyətləri, inkişaf etməli olduqları sahələri, öz güclü və zəif tərəflərini açıq şəkildə paylaşaraq gələcək məqsədləri barədə düşüncələrini valideynləri ilə bölüşdülər.

Bu proses təkcə auditoriya qarşısında çıxış etmək bacarığını deyil, həm də özünüdərketmə, tənqidi düşüncə, məsuliyyət hissiözünəinam kimi həyati əhəmiyyət daşıyan bacarıqları inkişaf etdirdi. Şagirdlər bu təcrübə vasitəsilə öyrəndiklərinə sahib çıxmağı, uğurlarına obyektiv yanaşmağı və gələcək hədəflərini daha aydın müəyyənləşdirməyi öyrəndilər.

Valideynlər üçün isə bu, övladlarının gündəlik məktəb həyatına, dərslərdəki fəallığına və fərdi inkişaf dinamikasına birbaşa şahidlik etmək fürsəti idi. Onlar təkcə nəticələri yox, bu nəticələrin necə və hansı zəhmət hesabına əldə olunduğunu, uşaqlarının düşüncə tərzini və gələcəyə olan baxışını yaxından görmək imkanı qazandılar.

Sonda bu təşəbbüs sübut etdi ki, təhsil yalnız müəllim və dərs kitabları ilə məhdudlaşmır — şagirdlərin aktiv iştirakı, öz öyrənmələrinə sahib çıxması və valideynlərlə qurulan açıq dialoq uğurlu və davamlı təhsilin əsas təməlidir.