Kipinä Kurikulumu
“Kipinä” kurikulumu Finlandiyanın Milli Məktəbəqədər Təhsil Kurikulumu əsasında hazırlanmış, eyni zamanda uşaq inkişafı sahəsində aparılan ən son elmi tədqiqatların nəticələrini özündə birləşdirən müasir təhsil modelidir.

Kurikulumun əsas məqsədi oyun əsaslı öyrənmə vasitəsilə uşaqların məktəb həyatına uğurlu keçidini təmin etmək, onların gələcək təhsil mərhələlərində və gündəlik həyatda ehtiyac duyacaqları bilik, bacarıq və vərdişləri formalaşdırmaqdır.

“Kipinä” proqramı hər bir uşağın fərdi inkişaf xüsusiyyətlərini nəzərə alaraq onun emosional, sosial, koqnitiv və fiziki inkişafına xüsusi diqqət yetirir.
Tədris prosesi aşağıdakı altı əsas fəaliyyət sahəsini əhatə edir:
Araşdırma və oyun vasitəsilə koqnitiv inkişaf;
Riyazi bilik və bacarıqların formalaşdırılması;
Savadlılıq, ünsiyyət və dil inkişafı;
Münasibətlər və şəxsiyyətin inkişafı;
Fiziki inkişaf və sağlam həyat tərzi haqqında maarifləndirmə;
Mədəni maariflənmə və müxtəlifliyə hörmət.
Kurikulum çərçivəsində nəzərdə tutulan bütün təlim nəticələri və fəaliyyət istiqamətləri XXI əsr bacarıqlarının inkişafını dəstəkləyir. Uşaqlar tənqidi düşünmə, yaradıcılıq, ünsiyyət, əməkdaşlıq və problem həll etmə bacarıqlarını gündəlik fəaliyyətlər, layihələr, oyunlar və müəllimlə qarşılıqlı ünsiyyət vasitəsilə inkişaf etdirirlər. Bu yanaşma onların innovativ düşüncə tərzinin formalaşmasına və müstəqil öyrənmə bacarıqlarının inkişafına şərait yaradır.
Milli kurikulum
Azərbaycan və rus bölmələrində ibtidai, orta və tam orta təhsil Milli Kurikulum əsasında təşkil olunur.
Bu bölmələrdə təhsil alan şagirdlər Milli Kurikulum əsasında sistemli akademik hazırlıq əldə edirlər. Bununla yanaşı, zənginləşdirilmiş proqram vasitəsilə ingilis dili, kommunikasiya, liderlik və XXI əsr bacarıqlarının inkişafına xüsusi diqqət ayrılır.
Şagirdlər çoxdilli mühitdə təhsil almaqla yanaşı müxtəlif layihələr, təqdimatlar və fəaliyyətlər vasitəsilə özünüifadə, əməkdaşlıq və tənqidi düşünmə bacarıqlarını da inkişaf etdirirlər. Məqsəd şagirdlərin həm milli, həm də beynəlxalq mühitdə uğur qazana biləcək şəkildə hazırlanmasıdır.

Bilinqval proqram
İbtidai pillədə şagirdlər Azərbaycan dilində Milli Kurikuluma əsaslanan baza təhsili alır, eyni zamanda Kembric proqramının məzmununa uyğun fənlər və ingilis dili dəstəyi ilə beynəlxalq proqrama mərhələli şəkildə hazırlanırlar.
Bilinqval proqram şagirdlərin həm milli təhsil standartlarına uyğun güclü akademik baza əldə etməsinə, həm də gələcəkdə beynəlxalq proqramlara rahat keçid etməsinə şərait yaradır. İbtidai pillədə ingilis dili və Cambridge yönümlü məzmun tədricən artırılır və şagirdlər 5-ci sinifdən etibarən Cambridge proqramına keçid edirlər.
Bu yanaşma şagirdlərin ana dilində güclü akademik baza formalaşdırmasını dəstəkləməklə yanaşı, erkən yaşlardan ingilis dili bacarıqlarının və çoxdilli ünsiyyət qabiliyyətlərinin inkişafına şərait yaradır. Proqram şagirdlərin beynəlxalq təhsil mühitinə uyğunlaşmasını təmin edir və onların həm yerli dəyərlərə bağlı, həm də qlobal dünyaya açıq fərdlər kimi formalaşmasını dəstəkləyir.

Kembric Beynəlxalq Kurikulumu
İngilis bölməsində təhsil Cambridge Beynəlxalq Kurikulumu əsasında aparılır. Proqram Primary, Lower Secondary, IGCSE və AS/A Level mərhələlərini əhatə edir.
Kembric proqramı şagirdlərə beynəlxalq standartlara uyğun akademik təhsil təqdim edir və onları dünyanın müxtəlif universitet və təhsil sistemlərinə hazırlayır. Tədris prosesi araşdırma, analiz, problem həll etmə və müstəqil düşünmə bacarıqlarının inkişafına əsaslanır.
Şagirdlər müxtəlif mərhələlərdə Cambridge Primary Checkpoint, Secondary Checkpoint, IGCSE və AS/A Level imtahanlarında iştirak edir və beynəlxalq kvalifikasiyalar əldə edirlər. Bununla yanaşı, şagirdlər Azərbaycan Respublikasının dövlət tələblərinə uyğun olaraq DİM buraxılış imtahanlarında da iştirak edirlər.
Kembric proqramı şagirdlərin akademik biliklərlə yanaşı qlobal dünyaya hazır, özünəinamlı və tənqidi düşünən fərdlər kimi formalaşmasına dəstək olur.