İbtidai məktəb

3 dildə zənginləşdirilmiş kurikulum

Mərkəzdə bütün təhsil pillələri üzrə təhsil 3 bölmə üzrə -  Azərbaycan, rus və ingilis dillərində aparılır.

Hər üç bölmə üzrə məqsədyönlü şəkildə “21-ci əsr bacarıqları”nın aşılanmasını stimullaşdıran əlavə təlim nəticələri, təlim strategiyaları və resurslarla zənginləşdirilmiş özünəməxsus kurikulum tətbiq edilir.

Azərbaycan və rus dilində tədris Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilən milli kurikulumun, ingilis dilində tədris isə Kembric Beynəlxalq Məktəbi statusu ilə Kembric kurikulumunun əsasında aparılır.


Kiçik sinif konsepti

İbtidai siniflərdə ortalama uşaq sayı 12-14 nəfərdir. Bu say maksimum 18 şagirdlə məhdudlaşdırılır. Şagird sayı dərsin keyfiyyətini artırmaqla yanaşı, uşaqlara fərdi yanaşma baxımından da əlverişli imkanlar yaradır.

Xarici dilin tədrisində müasir yanaşma

Mərkəzimizdə xarici dilin öyrənilməsinə xüsusi əhəmiyyət verilir. Azərbaycan və rus dilində tədris aparılan bölmələrdə şagirdlərə həftədə 5 saat ingilis dili dərsi keçirilir. İngilis dilində tədris aparılan bölmədə isə Azərbaycan və rus dilinin tədrisi xüsusi yanaşma və daha mütərəqqi üsullarla aparılır. İngilis dilinin öyrənilməsinin səmərəliyini ölçmək məqsədilə şagirdlər üçün Kembric Qiymətləndirmə imtahanları təşkil olunur.

Rəqəmsal bacarıqlar və kodlaşdırma

Şagirdlərimizi gələcək qlobal rəqabət mühitinin tələb etdiyi bilik və bacarıqlara yiyələndirmək missiyamıza uyğun olaraq ibtidai siniflərdə rəqəmsal bacarıqlar və kodlaşdırma dərslərinin tədrisinə başlayırıq.

Fərdi bacarıqlara görə xüsusiləşdirilmiş təhsil

Uşaqlar fiziki, emosional, sosial və intellektual potensialına görə bir-birindən fərqlənir. Təhsil fəlsəfəmiz ilə şagirdlərə ibtidai təhsil pilləsindən öz bacarıq və qabiliyyətlərini ortaya çıxara biləcəkləri fürsətlər təklif edirik.

Ona görə də hər bir şagirdin təhsilinə və fərdi inkişafına individual yanaşır və onların potensiallarını reallaşdırmalarına kömək edirik.

Bu məqsədlə Mərkəzə qəbul edilən bütün şagirdlərin fərdi maraq və öyrənmə xüsusiyyətləri müəyyənləşdirilərək "Fərdi Şagird Profili"™ hazırlanır və bu profil hər tədris ili ərzində mütəmadi qaydada yenilənərək valideynlərlə müzakirə edilir. 



Fərdi nailiyyətlərin izlənməsi və ehtiyaclara uyğun əlavə dəstək xidməti

Dərs ilinin əvvəlində bütün əsas fənlər üzrə keçirilən diaqnostik qiymətləndirmə əsasında şagirdlərin "Fərdi Nailiyyət Hədəfləri"™ müəyyənləşdirilir.

İl ərzində şagirdlərin inkişafı "Fərdi Nailiyyət Hədəfləri"™ üzrə izlənilir. Lazım olduqda əlavə öyrənmə ehtiyacları ilə bağlı valideynlərlə fərdi müzakirələr aparılır və Əlavə Dəstək Proqramı hazırlanır. Əlavə Dəstək Proqramı şagirdlərlə dərs müddətində və ya dərsdən sonra fərdi və ya qrup halında icra edilir. Bu proqrama “səlis oxu”, “rəqəmlərlə işləmə”, “hekayə oxuma”, “xarici dil” dəstəyi və s. daxildir.

İnkişaf edən zehniyyət əsaslı təhsil və qiymətləndirmə

ABŞ-ın Stanford Universitetinin professoru Karol Dvek tərəfindən aparılan tədqiqatlar sübut edir ki, uşaqların istedadı heç də həmişə genetik olmur. Onların sahib olduqları zəka və bacarıqlar dəstəkləyici mühitdə, davamlı çalışqanlıq və səylərlə inkişaf etdirilə və hətta anadangəlmə istedada malik uşaqları belə ötə bilər.

Bunun üçün də özünəinamı, çalışqanlığı təşviq edən öyrənmə mühitimizdə şagirdlərimizin nəticələrini deyil, öyrənmə prosesində göstərdikləri səyləri və növbəti inkişaf addımlarını önə çıxaran qiymətləndirmə (rəy) sistemimizlə təlim zamanı öyrənilənlərin mənimsənmə səviyyəsinin maksimum həddə çatmasına dəstək oluruq.

Hərtərəfli İnkişaf Fəaliyyətləri™

Mərkəzin təhsil modelinə şagirdlərin istedadlarını kəşf etmək, maraq dairələrini genişləndirmək və müxtəlif istiqamətdə bacarıqlarını inkişaf etdirməyə şərait yaradan Hərtərəfli inkişaf proqramı da daxildir.

Mərkəzdə təhsil alan bütün şagirdlər yaş qruplarından asılı olaraq, müxtəlif istiqamətlər üzrə təklif olunan Hərtərəfli inkişaf fəaliyyətlərinə qoşula bilər.

Hərtərəfli inkişaf fəaliyyətləri sadəcə müstəqil dərsdənkənar fəaliyyətlər yox, həm də baza kurikulumların zənginləşdirilməsi nəticəsində tədris proqramına daxil edilən əlavə proqramlar (məsələn, rəqəmsal bacarıqlar, həyati bacarıqlar, biznes bilikləri və s.) vasitəsilə də həyata keçirilir.